25 Kasım 2026 Çarşamba

İnsan münasibətlərində tarazlıq və məsafə

Yaşadığımız dövrdə insan münasibətlərində ən böyük problemlərdən biri tarazlığı qoruya bilməməyimizdir. Bir tərəfdə ən kiçik xətasına görə insanları həyatından çıxaran, vəfa hissini itirmiş şəxslər, digər tərəfdə isə nə qədər zərər görməsinə baxmayaraq, münasibəti qorumaq naminə özünü tükəndirən insanlar var. Halbuki insan nə hər xətaya görə münasibətlərini bitirməli, nə də münasibətlərini qorumaq adına özünü fəda etməlidir. Həyatımızda kimin hansı yeri tutacağını, kimə nə qədər yaxın olacağımızı və kiminlə məsafə saxlayacağımızı düzgün müəyyən etməliyik. Bəs hansı hallarda bir insanla münasibətlərimizi yenidən nəzərdən keçirməliyik?

1. Varlığı narahatlıq, yoxluğu isə hüzur gətirirsə

Əgər bir insanın varlığı davamlı olaraq həyatımıza narahatlıq gətirirsə və ondan uzaqlaşdığımız zaman özümüzü daha rahat hiss ediriksə, həmin insanla münasibətimizi yenidən düşünməliyik. Həyat kifayət qədər qısadır və üzərimizə düşən bir çox məsuliyyətlər var. Bir insana görə bütün həyatımızı çətinləşdirməyin, daim eyni problemlər üzərində düşünüb özümüzü yormağın mənası yoxdur.

2. Davamlı olaraq eyni davranışlardan zərər görürüksə

Hər bir insan xəta edə bilər. İnsanların xətalarını bağışlamaq, onlara özlərini düzəltmək üçün fürsət vermək gözəl xüsusiyyətdir. Lakin bir insan bizi dəfələrlə eyni davranışı ilə incidirsə, hər dəfə üzr istəyib yenidən eyni xətanı təkrarlayırsa, artıq burada təsadüfi bir xətadan deyil, davamlı bir davranışdan söhbət gedir.

Peyğəmbərimiz (s.a.v.) buyurur: “Mömin eyni deşikdən iki dəfə sancılmaz”.

Bağışlamaq başqa şeydir, eyni zərərə dəfələrlə məruz qalmağa razı olmaq isə tamam başqa. İnsan yaşadıqlarından nəticə çıxarmağı bacarmalıdır.

3. Münasibəti qorumaq üçün yalnız biz çalışırıqsa

İnsan münasibətləri qarşılıqlı diqqət, qayğı və anlayış üzərində qurulur. Əgər hər inciklikdən sonra ilk addımı biz atırıqsa, hər problemi həll etməyə biz çalışırıqsa və qarşı tərəfdən heç bir səy görmürüksə, bu münasibətin nə qədər sağlam olduğunu düşünməliyik. İnsan yükü ən ağır yüklərdən biridir və heç kim bu yükü sonsuza qədər təkbaşına daşıya bilməz.

4. Özümüz olmaqdan uzaqlaşırıqsa

Sağlam münasibətlərdə insan özünü olduğu kimi ifadə edə bilməlidir. Əgər bir insanın yanında hər sözümüzü dəfələrlə düşünürüksə, daim yanlış anlaşılmaqdan, qarşı tərəfin reaksiyasından və yeni bir problemin yaranmasından çəkiniriksə, zamanla özümüz olmaqdan uzaqlaşırıq. Əlbəttə, danışarkən sözlərimizə diqqət etmək ədəbin tələbidir. Lakin ədəblə davranmaqla daim qorxu və narahatlıq içində yaşamaq eyni şey deyil. İnsan münasibətlərini qorumaq naminə öz səmimiyyətini və şəxsiyyətini itirməməlidir.

5. Hörmət aradan qalxıbsa

Zamanla insanlar arasındakı sevgi və bağlılıq azala bilər. Lakin sevgi azalsa belə, hörmət qorunmalıdır. Əgər bir münasibətdə təhqir, alçaltma, davamlı ittiham, manipulyasiya və şəxsi sərhədlərin pozulması adi hala çevrilibsə, həmin münasibəti yenidən nəzərdən keçirmək lazımdır. Bir insana dəyər verməyimiz onun bizə qarşı hörmətsiz davranışlarına dözmək məcburiyyətində olduğumuz demək deyil.

6. Münasibətdə qalmaq uzaqlaşmaqdan daha çox zərər verirsə

İllərlə əmək verdiyimiz bir münasibətdən uzaqlaşmaq, əlbəttə, asan deyil. Lakin bəzən münasibəti davam etdirməyin verdiyi zərər ondan uzaqlaşmağın verəcəyi acıdan daha böyük olur. Xüsusilə bir insanla yaşadığımız problemlər bəndəliyimizə, ibadətlərimizə və digər məsuliyyətlərimizə mənfi təsir göstərirsə, bu məsələyə daha ciddi yanaşmalıyıq. Əgər namaza dayandığımız zaman belə fikrimiz həmin insanla yaşadığımız problemlərdə qalırsa, günümüzün böyük bir hissəsini bu məsələləri düşünməklə keçiririksə, artıq həmin münasibət bizim üçün ağır bir yükə çevrilmişdir.

Həyatımızın əsas məqsədi

Həyatı bir dağa dırmanmağa bənzətmək olar. Qarşımızda çətinliklərlə və imtahanlarla dolu bir yol var. Çatmaq istədiyimiz zirvə isə Allahın razılığıdır. Dağa dırmanan insanın kürəyindəki yük nə qədər ağır olarsa, zirvəyə çatması da bir o qədər çətinləşər. Səbirli olmaq, bağışlamaq, vəfalı davranmaq və insanlara fürsət vermək möminin gözəl xüsusiyyətlərindəndir. Lakin səbir etmək hər cür zərərə razı olmaq, vəfalı olmaq isə özümüzü unutmaq demək deyil.

Hər münasibəti bitirmək lazım deyil. Bəzən sadəcə məsafə saxlamaq və münasibətin sərhədlərini müəyyən etmək kifayətdir. İnsan kin saxlamadan, düşmənçilik etmədən və qarşı tərəfin haqqına girmədən də uzaqlaşa bilər. Unutmamalıyıq ki, həyatımızın əsas məqsədi bütün insanları razı salmaq deyil, Allahın razılığını qazanmaqdır.

Hiç yorum yok:

Yorum Gönder

İnsan münasibətlərində tarazlıq və məsafə

Yaşadığımız dövrdə insan münasibətlərində ən böyük problemlərdən biri tarazlığı qoruya bilməməyimizdir. Bir tərəfdə ən kiçik xətasına görə ...