20 Eylül 2025 Cumartesi

Evlilik və Toylarda İsrafın Qarşısını Necə Alaq?

Evlilik, insan həyatında ən mənalı və dəyərli mərhələlərdən biridir. Lakin bu gözəl başlanğıc, son illərdə getdikcə artan israfçılıq səbəbilə bəzən ağır bir yükə çevrilir. Nişan, elçilik, nikah və toy mərasimləri bir növ yarışa dönüb. Gənclər və ailələri “Bu qədər xərcin altından necə çıxacağıq?” deyə narahat olurlar. Nəticədə borc içində boğulan ailələr, faizə bulaşan gənclər və başlanğıcdan zədələnmiş evliliklər ortaya çıxır. Halbuki evlilik bir ibadətdir və onu bu qədər dünya yükü ilə çətinləşdirmək, həm mənəvi, həm də sosial baxımdan doğru deyil.

İsrafın Mənəvi Tərəfi

İsraf təkcə artıq pul xərcləmək deyil. Vaxtı, enerjini və hətta duyğuları boş yerə sərf etmək də israfa daxildir. Qurani-Kərimdə (İsra surəsi, 26-27) “Qohumlara, yoxsullara və yolda qalanlara haqqını ver, lakin israfçılıq etmə! Həqiqətən, israfçılıq edənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur.” deyə xəbərdarlıq edilir. Yəni israf təkcə iqtisadi deyil, ruhani təhlükə də daşıyır. Bu davranış, insanı tədricən Allaha qarşı nankorluğa və şeytani yola aparır.

İsrafdan Qorunmaq Üçün Nə Etməli?

Bu məsələnin kökündən həll olunması üçün bəzi prinsiplərə diqqət yetirmək vacibdir:

  • “Bir dəfə evlənirik” psixologiyasından uzaq durun: “Bir dəfədir, hər şey mükəmməl olsun” düşüncəsi insanı həddi aşmağa vadar edir. Halbuki əsas olan lüks deyil, bərəkət və iç rahatlığıdır.

  • Sosial mediada nümayiş etməyin: Toyların əsas səbəblərindən biri də sosial şəbəkələrdə paylaşım etmək, bəyənilmək və fərqlənmək istəyidir. Amma bu nümayişkarlıq bəzən ailələri ciddi borca salır.

  • Başqaları ilə özünüzü müqayisə etməyin: Kiminsə nə etdiyinə baxıb, “biz də onlardan geri qalmarıq” demək israfın yolunu açır. Hər kəs öz imkanına uyğun yaşamalıdır. Müqayisə – paxıllıq və narazılığın başlanğıcıdır.

  • Xoşbəxtliyi pulla ölçməyin: Maddiyyat – nə rahatlığın, nə də səadətin təminatçısıdır. Peyğəmbərimizin (s.a.s) həyatı bizə göstərir ki, sadəlik bərəkətin yoludur.

  • Başqalarının nümayişinə alət olmayın: Toy sizin üçündür, başqalarının göstərisi üçün deyil. Kimin necə danışacağına görə plan qurmayın. Nə qədər zəngin və ya sadə olsa da, toy bir gün unudulacaq. Əsas olan – bərəkətli və sağlam bir ailənin qurulmasıdır.

Hz. Fatimə və Hz. Əlinin Toyu: Ən Gözəl Nümunə

Ən gözəl nümunələrdən biri Hz. Fatimə ilə Hz. Əlinin sadə və təvazökar toyu olmuşdur. Dəvətlilər, o mərasimdəki səmimiyyəti və xoşbəxtliyi illər sonra belə unutmadıqlarını bildirmişdilər. Orada nə israf vardı, nə də nümayiş. Sadəlik, qonaqpərvərlik və sevinc ön planda idi. Mədinəli qadınlar onların toyu üçün demişdilər: "Biz Fatimənin toyundan daha gözəl toy görmədik." Bu bizə göstərir ki, əsas olan niyyətdir – Allah rızası üçün edilən hər işdə bərəkət gizlidir.

Nəticə

Əgər bir toyda riya yoxdursa – orada israf da olmaz. Əgər niyyət xalisdirsə, orada barış, rahatlıq və sevinc olar. Əgər məqsədimiz sağlam və möhkəm ailələr qurmaqdırsa, onda biz ilk addımı israfdan uzaq duraraq atmalıyıq. Nişan, elçilik, toy və ev qurma mərhələlərində imkan daxilində sadəliyə üstünlük verməliyik.

Sanki bir bağbanın torpağın bərəkətli olması üçün alaq otlarını təmizləməsi kimi, evlilik də lazımsız xərclərdən, nümayişkarlıqdan və süni şişirtmələrdən təmizlənməlidir ki, xoşbəxtliyin toxumları orada cücərə bilsin.

Hiç yorum yok:

Yorum Gönder

Oruc: Gizli və Fərdi Bir İbadət

Oruc, zahirdə ibadətlərin içində daha sadə görünə bilər. Məsələn, namaz gündə beş dəfə qılınmalı, bəzən səfərdə, bəzən xəstəlik halında belə...