Cəmiyyətimizdə təəssüf ki, arqo və söyüşlü danışıq artıq adi hal almağa başlayıb. Bəzən insanlar bunun fərqində olmadan, bəzən isə bilərəkdən gündəlik söhbətlərində bu cür ifadələrdən istifadə edirlər. Elə bir nöqtəyə gəlib çıxmışıq ki, bəzi insanlar söyüşsüz danışa bilmir. Bu isə xüsusilə qadınları hədəf alan ifadələrlə daha da acınacaqlı hal alır. Artıq ailəlikcə çölə çıxmaqdan çəkinməyə başlamışıq – çünki hər yerdə eşidilən nalayiq ifadələr bizi narahat edir.
Arqo və söyüşə verilən səhv dəyər və bunun dini baxımdan izahı
Bəzi hallarda söyüş cəmiyyətimizdə guya “yumor hissi”, “kişilik əlaməti” və ya “cəsarət göstəricisi” kimi təqdim olunur. Hətta bəzi siyasətçilərin və ya komediyaçıların bu cür tərzdə danışması insanlar tərəfindən maraqla qarşılanır. Amma bu yanaşma, İslamın ədəb və əxlaqa verdiyi önəmi nəzərə alanda, qətiyyən doğru deyil.
Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) hədislərində bu mövzuya çox aydın yanaşmalar var:
-
Mömin nə söyüş söyər, nə lənət oxuyar, nə də əxlaqsız sözlər işlədər.
-
Müsəlmana söymək fasiqliyə (günahkarlığa) səbəb olar.
-
Qiyamət günü insanın tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq.
-
Allah, nalayiq və kobud danışanı sevməz; hər çirkin söz Onun qəzəbinə səbəb olur.
-
İnsanlar çox vaxt cəhənnəmə, dilləri ilə qazandıqları günahlar ucbatından atılarlar.
Bu hədislər bir daha göstərir ki, dilimizdən çıxan hər bir söz sadəcə bir ifadə deyil, həm bu dünyada, həm də axirətdə qarşılığı olan ciddi məsuliyyətdir. Cəmiyyətdəki bir çox problemlərin kökü də məhz bu – dilin tərbiyəsiz şəkildə işlədilməsidir.
Arqo və söyüşlü danışıqdan uzaqlaşmağın yolları
Bəs bu vərdişdən necə qurtula bilərik? Aşağıdakı beş addım bu yolda bizə kömək edə bilər:
1. Şüur formalaşdırmaq – Söyüşün Allah qatında xoş qarşılanmadığını unutmamaq
İnsan bəzən vərdiş etdiyi üçün bir sözün nə qədər ağır günah olduğunu hiss etmir. Amma unutmamalıyıq ki, Allah və Rəsulu (sav) belə sözlərdən razı deyil. Bu şüur, dilimizi tərbiyələndirməyə yardımçı olacaq.
2. Eşitməkdən imtina etmək və narazılığımızı bildirmək
Əgər ətrafımızda biri arqo danışırsa, imkan varsa onu xəbərdar etməliyik, yox əgər bu mümkün deyilsə, ən azından susmaqla, üz ifadəmizlə narazılığımızı hiss etdirməliyik. Bu cür reaksiya, cəmiyyətdəki bu pis vərdişin azalmasına təsir göstərir.
3. İctimai simaların söyüşlü danışığına qarşı çıxmaq
Əgər sənətçi, alim, siyasətçi və ya başqa nüfuzlu biri arqo danışırsa, biz bunu alqışlamamalıyıq. Söyüşü “kişilik” və ya “cəsarət” əlaməti kimi görmək yanlış düşüncədir. Hətta minbərdən belə nalayiq sözlər işlədən bir din adamı olsa belə, buna biganə qalmamalı, Rasulullahın (sav) ədəb təlimindən sapmamalıyıq.
4. Dili daim tərbiyə etmək
Unutmamalıyıq ki, insanı cənnətə də, cəhənnəmə də aparan əsas səbəblərdən biri dildir. Bu məsuliyyəti dərk etdikcə, dilimizə diqqət etməyi vərdişə çevirməliyik.
5. Dilimizi gözəl sözlərlə məşğul etmək
Dilimiz boş qalanda arqo ilə dolur. Ona görə də dilimizi təkbirlə, təsbihlə, zikrlə, yaxşı və faydalı söhbətlə məşğul etmək ən gözəl yol olacaq. Nə qədər gözəl şeylər desək, bir o qədər gözəl şeylərə yönələrik. Böyüklərimiz bir zamanlar “yalan” demək əvəzinə “doğru deyil” deyərdilər ki, ağızları pis sözlərə öyrəşməsin. Bu cür həssaslıq, indi itirdiyimiz o dil nizamını yenidən qazana bilmək üçün bizə nümunə ola bilər.
Hiç yorum yok:
Yorum Gönder