11 Kasım 2025 Salı

Astrologiya, Bürclər və İslam

İnsanlıq tarixinin ən qədim çağlarından bəri göy cisimləri insanlarda maraq oyadıb və müxtəlif inanc sistemlərində xüsusi yer tutub. İslam dini isə bu mövzuya özünəməxsus bir baxış bucağı gətirmiş, astronomiya və astrologiya kimi anlayışların sərhədlərini müəyyənləşdirərək, onların insan həyatı və taleyi üzərindəki təsirinə dair açıq meyarlar ortaya qoymuşdur.

Mövzunu dəqiq qavramaq üçün ilk növbədə üç mühüm anlayışa aydınlıq gətirilməlidir:

  1. Astronomiya – Göy cisimlərinin ölçülərini, yerləşməsini, hərəkətlərini və mənşəyini öyrənən elmi sahədir. İslam mədəniyyətində bu elmə böyük önəm verilmiş, onu öyrənən alimlər yetişmiş, “Fələk elmi” kimi adlarla tanınmışdır. Bu elm, Allahın kainatda yaratdığı nizamı dərk etmək baxımından əhəmiyyətli sayılmışdır.

  2. Astrologiya – İlk baxışda astronomiyaya yaxın görünən bu sahə, İslam dünyasında "İlmi əhkamil-ücum" kimi tanınmışdır. Tarixi proseslərdə göy cisimlərinin vəziyyətinə əsaslanaraq insan taleyi haqqında mülahizələr yürüdən, gələcəyə dair fərziyyələr irəli sürən bir sahəyə çevrilmişdir. Xalq arasında daha çox “ulduz falçılığı” kimi tanınır.

  3. Bürclər – Astrologiyanın bir alt bölməsi kimi qiymətləndirilməlidir. “Bürc” sözü ərəb dilindəki “bərəcə” kökündən gəlir və “açıqca görünmək, ucalmaq, örtüyünü atmaq” mənalarını verir. Günəşin il ərzində keçdiyi düşünülən orbit boyunca yerləşən on iki ulduz qrupuna verilən addır. Qurani-Kərimdə də bu söz 6 ayədə 7 dəfə keçir. Xüsusilə Hicr (15:16), Furqan (25:61) və Buruc (85:1) surələrində qeyd edilir. Fəxrəddin ər-Raziyə görə, Qurandakı “bürc” sözünün üç mümkün mənası var:

    • On iki bürc olaraq bilinən məşhur anlayış,

    • Ayın mənzilləri,

    • Böyük və diqqətçəkici ulduzlar.

İnsanlar arasında astrologiya və bürclərlə bağlı tez-tez üç əsas sual meydana çıxır. Bu sualları İslam nəzəri ilə belə cavablandıraq:

  1. Bürclərin və göy cisimlərinin insanın xarakterinə təsiri varmı?

    • Göy cisimlərinin insanlarla müəyyən mənada əlaqəsi qəbul edilir, lakin bu təsir məhdud çərçivədədir.

    • Bürclərin insanların xarakterinə birbaşa təsir etdiyi düşüncəsi, eyni bürcdə doğulan tək yumurta əkizlərinin belə fərqli xarakterə sahib olması gerçəyi ilə təkzib olunur.

    • İnsanın özünü bir bürcün xüsusiyyətlərinə uyğunlaşdırması, sanki taleyinin o bürcə bağlı olduğunu düşünməsi, əslində özünü dəyişdirmə və nəfsini tərbiyə etmə prinsipinə ziddir.

  2. Bürclərin insanın əməllərinə təsiri varmı?

    • Peyğəmbərimiz (s.a.s) bu məsələyə açıq mövqe bildirmişdir. Oğlu İbrahim vəfat etdiyi gün günəş tutulması baş verdiyində bunu onun vəfatı ilə əlaqələndirənlərə, “Günəş və Ay heç bir insanın ölümü və ya doğumu üçün tutulmaz” deməklə bu düşüncəni rədd etmişdir.

    • Hər hansı bir bürcdə doğulmaqla uğurlu evlilik, müəyyən tarixdə işə başlamaqla müvəffəqiyyət qazanmaq kimi düşüncələr, insanın seçimlərini təbii deyil, xəyali təsirlərə görə yönləndirməsinə səbəb olur.

  3. Bürclər və göy cismləri vasitəsilə gələcək hadisələri əvvəlcədən bilmək mümkündürmü?

    • Bu, məsələnin ən təhlükəli tərəfidir.

    • Ulduzlara baxaraq gələcək haqda qəti fikir söyləmək, qadağan olunmuş qeybi bilmək iddiasıdır.

    • Qurana görə, qeybin açarları yalnız Allahın əlindədir. Allah bəzən peyğəmbərlərinə bəzi məlumatlar verir ki, buna "vəhy yolu ilə bildirilmiş qeyb" deyilir. Bunun xaricində qeybdən danışmaq düzgün sayılmır.

    • Rəsulullah (s.a.s) belə xəbərdarlıq etmişdir: “Kim bir kahinə gedər və dediklərini təsdiq edərsə, mənim gətirdiklərimi inkar etmiş sayılar.” Hətta belə şəxslərin 40 gün namazlarının qəbul olmayacağına dair hədislər vardır.

İslamın tövhid inancı, göy cisimlərinə izafə edilən hər cür fövqəltəbii gücü rədd edir.

  • Ulduz axması hadisəsi: İbn Abbas (r.a.) nəql edir ki, Peyğəmbərimiz (s.a.s), ulduzların axmasını kiminsə ölümü ilə əlaqələndirən cəhalət dövrü düşüncəsini rədd etmiş, bunun Allahın əmri ilə mələklərin etdiyi tərifə bağlı olduğunu izah etmişdir.

  • Yağış hadisəsi (Zeyd ibn Xalid): Peyğəmbər (s.a.s) yağışdan sonra belə buyurmuşdur: “Kim deyərsə ki, bu yağış Allahın lütfü ilə yağdı, o mənə iman etmişdir. Kim isə falan ulduz səbəbilə yağdı deyərsə, o ulduza iman etmişdir.” Bu, açıq şəkildə Allahın iradəsini ikinci plana atan hər bir anlayışın inkar edilməsinin zəruriliyini göstərir.

  • Hz. Əli və münəccim hekayəsi: Xəlifəlik dövründə Hz. Əli (r.a.), müharibəyə çıxmazdan əvvəl bir münəccimin “ayın əqrəb bürcündə olduğu üçün məğlub olacaqsınız” deməsinə qarşı, Allahın izni və təvəkkülü ilə yola çıxmış, zəfər qazanmış və nəticədə münəccimin iddiasının əsassız olduğunu göstərmişdir.

Nəticə

Bürclər və astrologiya məsələsi, İslamın tövhid inancı və qəza və qədər anlayışı ilə sıx bağlıdır. İslam dini, astronomiyanı təqdir edərək kainatdakı nizamı və yaradılışdakı hikməti dərk etməyə təşviq edir. Lakin ulduzlara insan taleyini bağlayan, gələcəyi təyin etdiyini iddia edən astrologiyanı və kəhanəti qətiyyətlə rədd edir.

Ulduzların insan xarakteri və əməlində rolu varsa belə, bu rol çox məhduddur və qeybi bilmək yalnız Allah-Təalaya məxsusdur. Müsəlmanlar bu mövzuda Allahın qoyduğu sərhədləri qorumağa, təvəkkül və tövhid şüuru ilə hərəkət etməyə çalışmalıdırlar.

Bu fərq, hava şəraitini elmi cihazlarla müşahidə edib təxmin etməklə, yalnız öz bürcümüzə baxaraq sabahın necə keçəcəyini “bilmək” iddiası arasındakı fərq kimidir. Elm – müşahidə və dəqiq məlumatla işləyir, astrologiya isə fərziyyə və ümumiləşdirmələrlə bizi həm aldada, həm də həqiqi qüdrət sahibindən uzaqlaşdıra bilər.

Hiç yorum yok:

Yorum Gönder

Oruc: Gizli və Fərdi Bir İbadət

Oruc, zahirdə ibadətlərin içində daha sadə görünə bilər. Məsələn, namaz gündə beş dəfə qılınmalı, bəzən səfərdə, bəzən xəstəlik halında belə...