3 Kasım 2025 Pazartesi

Din: Geniş Halal Çərçivə və Qadağalar

Cəmiyyətdə dinə münasibətdə ən çox rast gəlinən yanlış düşüncələrdən biri, onun ancaq qadağalar və məhdudiyyətlər gətirən bir sistem kimi qəbul edilməsidir. Halbuki, İslamın orijinal qaynaqları – Qurani-Kərim və Peyğəmbərimizin (s.ə.s) sünnəsi bu fikrin doğru olmadığını açıq şəkildə ortaya qoyur. Əslində, İslamda haramlar məhduddur, halallar isə olduqca geniş bir sahəni əhatə edir.

Bu həqiqətə diqqət çəkən böyük alimlərdən bəzilərinin sözləri, mövzunun daha dərindən dərk olunmasına yardım edir. Məsələn:

  • İmam Rabbani (r.a.) buyurur: “Allah-Təala halal olanları çox, haram olanları isə az etmişdir. Halalların həm ləzzəti, həm də faydası haramlardan qat-qat üstündür. Allah halal ilə məşğul olanı sevir, haramı edənə isə qəzəblənir. Ağıllı insan, qısa müddətli bir ləzzət naminə Allahın razılığını itirmək istəməz.”

  • Bədiüzzaman Said Nursi (r.a.) isə belə deyir: “Çünki halallıq dairəsi genişdir, insana kifayət edəcək qədər imkan verir. Harama girməyə ehtiyac yoxdur. Allahın bizə vacib buyurduqları isə yüngül və azdır. Allahın qulu və əsgəri olmaq elə bir şərəf və ləzzətdir ki, bu təsvirəgəlməzdir...” Bu yanaşma İslamın yaşana bilən və insana kifayət edən bir həyat tərzi təqdim etdiyini göstərir.

Göründüyü kimi, Allahın göndərdiyi din olan İslam, insan həyatını tənzimləyən, haramlardan çox halalları ehtiva edən, rahat və balanslı bir sistemdir.

Mövcud Yanaşmadakı Problemlər və Həll Yolları

Təəssüf ki, bu həqiqətlər zaman-zaman düzgün izah olunmadığı üçün xüsusilə gənclər arasında İslama qarşı yanlış fikirlər formalaşır. Bəzən dini təbliğ edən şəxslərin və ya valideynlərin təqdim etdiyi din anlayışı, dinin ancaq qadağalar üzərində qurulduğu təəssüratını yaradır. Bu isə gənclərin dinlə sağlam münasibət qurmasına əngəl olur. Bu problemi aradan qaldırmaq üçün aşağıdakı istiqamətlər üzrə addımlar atılmalıdır:

  1. Haramların Məhdud Olduğunu Anlatmaq: İslam hüququnun əsas prinsiplərindən biri olan “Əşyada əsil ibahədir” – yəni bir şey haram deyilsə, halaldır – qaydası unutulmamalıdır. Haramlar sayılacaq qədər az, halallar isə saysız-hesabsız çoxdur. Dini təbliğdə bu əsas tez-tez vurğulanmalıdır.

  2. İman Zəminini Qurmaq: Qurani-Kərimdə və Allah Rəsulunun (s.ə.s) 23 illik risalətində əvvəlcə iman prinsipləri insanlara aşılanmış, daha sonra hökmlər gəlmişdir. İman təməldir; halal-haram məsələlərindən öncə bu əsasların möhkəmləndirilməsi vacibdir.

  3. Qadağaları Davamlı Təkarlamamaq: Haram və günah anlayışları izah olunmalıdır, lakin hər fürsətdə yalnız qadağaların dilə gətirilməsi, xüsusilə gənclərə yönəlik təkidlə “haramdır, günahdır, əzabdır” deyə vurğulanması əks-təsir yarada bilər. Qurani-Kərim halalları ön plana çıxararaq şəxsiyyət formalaşdırır. Daim haramı təkarlamaq, hətta bu mövzularda laqeydlik yarada bilər.

  4. Haramların Açıqlanmasında Məqsəd və Hikmətə Diqqət Yetirmək: Haramların niyə haram edildiyini – yəni onların səbəbini (illət), məqsədini (hikmət) və insan üçün faydasını (məsləhət) izah etmək mühümdür. Gənclərə xüsusilə bu istiqamətdə məntiqli və əsaslı cavablar təqdim olunmalıdır. Peyğəmbərimizin (s.ə.s) də gənc səhabələrə mövzuları bu çərçivədə izah etdiyi hədislər bu yanaşmanın nə qədər əhəmiyyətli olduğunu göstərir.

  5. Dinə Bütöv Yanaşmaq: Daim eyni mövzular üzərində dayanaraq, bəzi fərdi günahları qabardıb, cəmiyyətə təsir edən böyük günahların – məsələn, rüşvət, yalan, haqsızlıq, ədalətsizlik kimi ictimai pozuntuların unudulması doğru deyil. Bu yanaşma, gənclərdə “din yalnız fərdi qadağalarla məşğuldur, cəmiyyətin ağrılarına bir çarə yoxdur” düşüncəsini formalaşdıra bilər. Halbuki, İslam həm fərdi, həm ictimai yönləri ilə bütöv bir həyat sistemidir və bu şəkildə izah edilməlidir.

Bu vəziyyəti böyük bir kitabxana ilə müqayisə etmək olar. Bəzi insanlar kitabxananı sadəcə “qadağan olunmuş kitablar” bölməsindən ibarət sanır. Halbuki, kitabxananın böyük əksəriyyəti – kəşf edilməyi gözləyən minlərlə dəyərli, faydalı və hikmət dolu kitablarla (yəni halallarla) doludur. Əsas məsələ bu kitabxananı doğru təqdim etmək və insanlara haramları deyil, halallarla zəngin olan bu böyük elm və mərifət dünyasına yönəlmələri gərəkdiyini göstərməkdir.

Hiç yorum yok:

Yorum Gönder

Bitməyən Bir Səfər: Tapmış Olmaq Bitirmiş Olmaqdır?

Dini həyat sadəcə müəyyən mərasimlər və rituallardan ibarət bir dövr deyil, əksinə, davamlı bir səfərdir. Bu yolçuluğun arxasında dayanan ik...