Müasir dövrdə sosial media həyatımızın hər tərəfinə sirayət etmiş vəziyyətdədir. İstər YouTube, istər Twitter, Facebook, Instagram, TikTok, ya da WhatsApp olsun – bu platformalar günümüzün ayrılmaz bir hissəsinə çevrilib. Bəzən elə olur ki, bir günümüzün böyük hissəsi bu aləmdə keçir və fərqinə varmadan zaman əlimizdən süzülüb gedir. Məsələn, statistikalar göstərir ki, dünyada internet istifadəçiləri gündə orta hesabla 6 saat 40 dəqiqə onlayn olur (2024-ci il üzrə statistika). Deməli, bir günün təxmini üçdə biri faktiki olaraq virtual məkanda keçir. Təkcə bu rəqəmlər belə ciddi bir düşünməyə vadar edir: "Biz sosial medianı istifadə edirik, yoxsa o bizi?"
Bu nöqtədə sosial medianın bir nemət olaraq başladığı, lakin istifadə formamızdan asılı olaraq zamanla bir bəla – daha doğrusu, bir “nikmət” halına gəldiyi açıq şəkildə ortaya çıxır.
Asılılıq nədir və necə başa düşülür?
Əslində sosial media bir vasitədir və doğru istifadə edildikdə faydalıdır. Amma əgər bir insan səhər gözünü açan kimi ilk işi telefona baxmaq olur, gününün böyük hissəsini orada keçirir və demək olar ki, hər anını ekran qarşısında yaşayırsa, bu artıq bir asılılıq əlamətidir. İnsan əşyanı idarə etməli olduğu halda, bu cür vəziyyətlərdə artıq əşya insanı idarə edir və bu da onu bir növ “rəqəmsal əsir”ə çevirir.
Sosial media asılılığının apardığı itkilər
Bu cür asılılıq bir çox ciddi və geri dönməz nəticələrə səbəb olur:
-
Ruh və bədən sağlamlığı: Uzun saatlar eyni vəziyyətdə qalmaq fiziki problemlər yaratdığı kimi, virtual aləmdə yaşanan psixoloji yüklənmələr də insanın ruhi tarazlığını pozur.
-
Şəxsiyyətin itməsi: Özümüz olmaqdan çıxıb, digərlərinin gözündə necə göründüyümüzə fokuslanmağa başlayırıq. Bəyənilmək arzusu və sosial təsdiq ehtiyacı bizi biz edən dəyərləri kölgədə qoyur.
-
Zaman itkisi: Ən qiymətli sərmayəmiz olan zaman sosial mediada tükənir. Bəzən elə olur ki, önəmli işlərə vaxt tapmamağımızın əsas səbəbi buradakı “boş məşğuliyyət”lərdir.
-
Gerçək həyatla əlaqənin zəifləməsi: İnsanlar, yaşından asılı olmayaraq, reallıqdan uzaq düşür. Bəziləri ailəsinin üzünü, övladının göz rəngini belə unudur.
-
Həyatın dadı: Virtual dünyanın doymayan tələbləri bizi həyatda mövcud olan sadə, amma dəyərli gözəlliklərdən məhrum edir.
Bütün bu itkilərə qarşılıq olaraq sual yaranır: “Görəsən biz bu asılılıqdan nə qazanırıq?” Əgər sosial medianı yalnız ünsiyyət, məlumat alma və faydalı paylaşım vasitəsi kimi istifadə ediriksə, o zaman bəlli faydaları var. Amma gündəlik həyatımızı idarə edən bir vasitəyə çevrilibsə, orada qazancdan söhbət gedə bilməz.
Qurtuluş üçün konkret addımlar
Bu vəziyyətdən çıxış yolu əlbəttə mümkündür. Bunun üçün aşağıdakı beş əsas addımı atmaq faydalı ola bilər:
-
Qazandıqlarımızı və itirdiklərimizi təhlil etmək: Hər bir insan öz həyatında sosial medianın nələr gətirdiyini və nələri apardığını dürüst şəkildə qiymətləndirməlidir.
-
İradəni gücləndirmək: Əgər iradəmizi tərbiyə etməsək, texnologiya bizi idarə edəcək. Telefonlar artıq bizə nə edəcəyimizi söyləyir, bunu dərk etmək vacibdir.
-
Mənalı məşğuliyyətlər tapmaq: Keyfiyyətli məzmunlara yönəlmək, neqativ təsirlərdən uzaq durmaq və zamanımızı ruhumuza faydalı olan fəaliyyətlərlə doldurmaq lazımdır.
-
Hədəfləri ucaltdıqca diqqət dağılmır: Böyük ideal və məqsədlərə sahib olmaq bizi sosial medianın boşluğundan xilas edə bilər.
-
Dəyərli dost çevrəsi: Eyni idealları bölüşdüyümüz, bizi mənəvi cəhətdən inkişaf etdirəcək dostlarla ünsiyyət, bu sahədə bizə ciddi dəstək ola bilər.
Unutmamalıyıq ki, zaman əvəzolunmaz bir sərvətdir. Əgər o, faydalı işlərə sərf edilməzsə, bir də baxırıq ki, ömür bitib və geriyə sadəcə peşmanlıq qalır. Hər növ asılılıq insanı azadlığından məhrum edir. Necə ki fiziki köləliyə “yox” deyiriksə, bu gün dünyaya sirayət etmiş rəqəmsal köləliyə də “yox” deməyi bacarmalıyıq.
Həqiqi azadlıq, iradə ilə yaşamaq və həyatın öz dadını hiss etməkdir. Sosial media asılılığından xilas olmaq – sanki bir quşun dar bir qəfəsdən çıxıb geniş səmalara doğru qanad açması kimidir. Qəfəs nə qədər gözəl olsa da, azadlıq onun xaricindədir. Bu azadlığa çatmaq üçün rəqəmsal zəncirləri qoparıb, həyatımıza yenidən istiqamət verməliyik. Əsl xoşbəxtlik oradadır – ekrandan kənarda, reallığın içində.
Hiç yorum yok:
Yorum Gönder