15 Temmuz 2025 Salı

Raşidi Xəlifələr Dönəmində İqtisadi Vəziyyət (Hz. Ömər Nümunəsində) | Raşidi Xəlifələr - 7

Xüləfa-i Raşidin dövrü İslam cəmiyyətinin iqtisadi həyatında mühüm dəyişikliklərin baş verdiyi bir mərhələdir. O vaxt iqtisadi vəziyyətdən danışanda bugünkü geniş mənada iqtisadiyyat nəzərdə tutulmurdu. Əsas diqqət dövlətin gəlir mənbələri və bu gəlirlərin necə xərcləndiyinə yönəlirdi. Ticarət, əkinçilik, heyvandarlıq və sənətkarlıq da iqtisadi həyatın ayrılmaz hissəsi olsa da, həmin dövr üçün ən vacib mövzu dövlət büdcəsinin gəlir və xərcləri idi. Bu dövrdə iqtisadi dəyişikliklər əsasən Peyğəmbərimizin (sav) dövründən fərqli olaraq yeni ortaya çıxan tətbiqlərlə bağlı idi və mövzunun böyük bir hissəsi Hz. Ömərin siyasətinə əsaslanırdı. Hz. Osman və Hz. Əli dövründə isə əvvəlki siyasətə ciddi dəyişikliklər edilmədi.

İslam dünyasında iqtisadi mövzularla bağlı qələmə alınan əsərləri ümumən iki böyük başlıq altında toplamaq olar:

  • Kitabül-Xərac (Xərac kitabları): Bu əsərlər əsasən vergilərdən bəhs edir. Əbu Yusufun Kitabül-Xəracı bu mövzuda ilk və ən vacib nümunələrdən biridir. Əbu Yusuf, İmam Əzəmin ən məşhur tələbələrindən hesab olunur.

  • Kitabül-Əmval (Mallar kitabları): Bu əsərlər isə dövlətin ümumi gəlir və xərclər sistemini araşdırır. Bu sahədə ilk əhəmiyyətli nümunələrdən biri, hədis elmi sahəsində də adı çəkilən Əbu Ubeyd əl-Qasım ibn Səllamın Kitabül-Əmval əsəridir. Ondan sonra İbn Zəncəveyhin Kitabül-Əmval əsəri də bu mövzuda əhəmiyyətli mənbədir.

Bundan əlavə, bu məsələlərə dair əsas istinad mənbələri Quran, təfsirlər, fiqh kitabları, hədis topluları, siyər və tarix kitablarıdır.

Dövlətin Əsas Gəlir Mənbələri və Hz. Ömərin Yenilikləri
Hz. Ömər dövründə beytülmalın gəlirləri əsasən üç əsas sahəyə bölünürdü: fey, xüms və sədəqə (zəkat). Xüsusilə fey gəlirləri Hz. Ömərin iqtisadi siyasətinin təməlini təşkil edirdi.

1. Xərac (Torpaq Vergisi)

"Xərac" sözü bugünkü dildə ümumi vergi mənasında işlədilsə də, İslam hüququnda əsasən qeyri-müsəlmanların əkin torpaqlarından alınan vergi mənasındadır. Maraqlıdır ki, bir müsəlman bir qeyri-müsəlmandan xərac torpağı alarsa, torpağın statusu dəyişmir və həmin torpaq üçün xərac vergisi verilməyə davam olunur. Bu, xəracın şəxsdən deyil, torpağın statusundan asılı olduğunu göstərir. Xəracla zəkatın əsas fərqi bundadır: zəkat məhsul vergisidir – məhsul olmadan zəkat düşmür. Amma xərac, torpaq əkilsə də, əkilməsə də müəyyənləşdirilmiş miqdarda alınır.

Hz. Ömərin mühüm qərarlarından biri də fəth olunan torpaqları (məsələn, İraq ərazisindəki Sevad bölgəsi) qənimət kimi əsgərlərə bölüşdürməməsi, yerli əhalinin istifadəsində saxlaması və əvəzində xərac alması idi. Bu məsələ o vaxt sahabələr arasında geniş müzakirə olunmuş, bəzi səhabələr buna etiraz etmişdilər. Onlar, qılıncla əldə etdikləri torpaqların savaşda iştirak etməmiş uşaqlara qalmasının ədalətsiz olduğunu bildirirdilər. Hz. Ömərin əsas məqsədi gələcək nəsillərin əllərində heç bir imkan qalmamasının, insanların kölə vəziyyətinə düşməsinin və torpaqların atıl vəziyyətdə qalmasının qarşısını almaq idi. O deyirdi ki, əgər bu torpaqlar bölünsə, gələcək nəsillərin öz zəhməti ilə bir şey qazanması çətinləşəcək. Bu qərar həm də İslamın yayılmasını asanlaşdıran və insani dəyərləri qoruyan mühüm addım hesab olunur.

Hənəfilər Peyğəmbərimizin (sav) Xeybərdə torpaqları bölüşdürməsi ilə Hz. Ömərin Sevad bölgəsi qərarının hər ikisinin də faydalı nümunə olduğunu qəbul edirlər. İmam Şafii isə torpağın ayədə keçən "mə" (mal) anlayışına daxil olduğunu deyərək qənimət kimi bölüşdürülməli olduğunu iddia etmişdir.

2. Cizyə (Baş Vergisi)

Cizyə qeyri-müsəlmanlardan, əsasən Əhli-Kitabdan alınan vergidir. Quranın Tövbə surəsinin 29-cu ayəsində, Allah (azzə və cəllə) Əhli-Kitabdan cizyə alınmasını açıq şəkildə əmr edir. Bu ayəyə görə, Allah və axirət gününə inanmayan, Allahın və Rəsulunun haram buyurduğunu haram saymayan və haqq dini qəbul etməyən Əhli-Kitabla, cizyə verib təslim olana qədər döyüşmək əmr olunur.

Cizyə bəzən ümumi, bəzən də fərdi şəkildə yığılırdı. Hz. Ömər fəth edilən ərazilərdə qeyri-müsəlman əhalini öz yerlərində saxlayaraq (məsələn, Qüds, Misir, Suriya fəthlərində) bu ayəyə əməl etmişdir. Eyni məntiqi Fatih Sultan Mehmet də İstanbulun fəthində Rum və Erməni əhalini yerində saxlayaraq tətbiq etmişdir.

3. Sədəqə (Zəkat)
Qurani-Kərimdə və ümumən ərəb dilində “sədəqə” sözü bu günkü gündə bizim işlətməyə öyrəşdiyimiz “sədəqə” mənasında deyil, daha çox “zəkat” mənasında işlədilir. Məsələn, Tövbə surəsinin 60-cı ayəsində “İnnəməs-sədəqatu lil-füqara…” (Yəni, zəkatlar yalnız kasıblar üçündür…) deyilir.
Bizim gündəlik dildə “sədəqə” deyib nəzərdə tutduğumuz könüllü yardımların Qurandakı qarşılığı isə əsasən “infaq” sözüdür.
Zəkat dövlət üçün çox önəmli gəlir mənbələrindən biri idi və Hz. Ömər də bu mövzuda ayələr açıq şəkildə mövcud olduğuna görə əhəmiyyətli dəyişikliklər etməmişdi.

4. Ticarət Malları Vergisi (Öşr)
Hz. Ömər dövründə bir yenilik olaraq ticarət mallarından öşr adı ilə vergi tutulmağa başlanmışdı.
Bu vergi yalnız müsəlmanlardan deyil, həm də hərbilərdən (müharibə vəziyyətində olanlardan) və zimmilərdən (İslam dövlətində yaşayan qeyri-müsəlmanlardan) yığılırdı.
Müsəlmanlardan alınan hissə zəkat fonduna yönləndirilirdi, zimmilərdən və hərbilərdən alınan isə fey gəlirlərinə əlavə olunurdu.
Beləliklə, fey gəlirləri cizyə, 
xərac və ticarət malları vergisindən ibarət olmaqla üç əsas qaynağa dayanırdı.

Divan Təşkilatı və Sərvətin Paylanması
Fey gəlirlərinin artması ilə Hz. Ömər (r.a) bu sərvəti müsəlmanlar arasında daha ədalətli şəkildə bölüşdürmək üçün Divan Təşkilatını yaratdı. Bu qurum tarixdə çox orijinal və düşünülmüş bir mexanizm hesab olunur.
İlk illərdə gəlirlər daha çox Mədinədə ehtiyacı olanlara üstünlük verilərək paylanırdı.
Hz. Ömər bu bölüşdürməni illik “atiyə” (maaş deyil, illik verilən yardım) və aylıq ərzaq yardımı şəklində təşkil etmişdi.
O, iştirak etdiyi döyüşlərə və İslama xidmətlərinə görə insanları beş təbəqəyə ayırmışdı.
Peyğəmbərimizin (sav) sağ qalan xanımlarına illik 10.000 dirhəm verilirdi.
Bədir döyüşündə iştirak edənlərə isə illik 5.000 dirhəm atiyə ayrılmışdı.
Həmçinin hər bir müsəlmana aylıq iki cəlib miqdarında ərzaq verilirdi və kölələr də bu ərzaq yardımından faydalanırdı.
Uşaqların divan dəftərinə qeydiyyatı əvvəlcə süddən kəsildikdən sonra aparılırdı, amma bəzi anaların uşaqları süddən tez ayırdığı məlum olanda, doğulan kimi qeydiyyata alınması qərara alındı.
Məkkəlilər kimi “ümumiyyətlə İslam cəmiyyətinə qarışmayan” və ya cihada qatılmayan bədəvi müsəlmanlara (Ərabül-Müslimin) isə ümumiyyətlə illik atiyə və aylıq ərzaq yardımı verilmirdi, amma ehtiyac düşdükdə beytülmaldan kömək ala bilirdilər.
Bu qurum bəzən səhvən “Divanül-Ceyş” (Ordu Divanı) adlandırılsa da, əsl adı “Divanül-Ata” (Atiyə Divanı) idi.

Hz. Ömərin İrsi
Hz. Ömərin bütün bu islahatları yalnız dövrünün iqtisadi həyatını dəyişmədi, həm də gələcək nəsillərə və yazılacaq əsərlərə örnək olacaq bir sistem və düşüncə tərzi qoyub getdi. Məsələn, Əbu Ubeyd əl-Qasım ibn Səllam Kitabül-Əmval əsərini yazarkən fey, xüms və sədəqə başlıqları ilə məhz Hz. Ömərin sisteminə əsaslanıb.
Bu isə göstərir ki, Hz. Ömərin qurduğu sistem dərin Quran biliklərinə, Peyğəmbərin (sav) sünnətinə bağlılığa söykənirdi.
Hz. Ömərin divan təşkilatındakı təbəqələşdirmə yanaşması, sonrakı dövrdə İbn Sədin Təbəqat kitabında da Bədir əhlindən başlayaraq səhabələri mərhələlərə ayırmasında və soy kitablarında Qureyş qəbiləsini Bəni Haşimdən başlayaraq təsvir etməsində də öz təsirini göstərmişdir.
Bu, Hz. Ömərin təkcə dövlət idarəçiliyində deyil, həm də dini dərinliyi və uzaqgörənliyi ilə seçilən böyük bir şəxsiyyət olduğunu sübut edir.

Ömər b. Əbdüləziz və Xilafəti | Raşidi Xəlifələr - 6

Ömər ibn Əbdüləziz (Allah ona rəhmət eləsin) İslam tarixində səhabə olmamasına baxmayaraq, öz dövrünün səhabə kimi dəyərə sahib olan, tabiun dövrünün ən önəmli şəxsiyyətlərindən biridir. Tarixdə adətən beşinci Raşid xəlifə kimi tanınır, amma Hz. Həsənin altı aylıq xilafətini də nəzərə alsaq, əslində altıncı Raşid xəlifə hesab edilməlidir. Ona tez-tez “ikinci Ömər” deyirlər, çünki o, yaşadığı dövrü Hz. Ömərin (r.a) dövrünə bənzətməyi bacarmış nadir insanlardan idi.

Bəzən soruşulur: Niyə bu gün yeni Ömərlər yetişmir? Ömər ibn Əbdüləzizin həyatına baxanda bu sualın cavabı aydın olur: Çünki Ümmü Asım kimi nənələr, Əbdüləziz ibn Mərvan kimi atalar, Fatimə binti Əbdülməlik kimi həyat yoldaşları, Əbdülməlik ibn Ömər kimi övladlar və Həsən əl-Bəsri kimi alimlər yoxdur. Heç nə öz-özünə baş vermir, bu adlar Ömər ibn Əbdüləzizin formalaşmasında mühüm rol oynayıb.

Bir Neçə Əsas İsim:

  • Ümmü Asım (Nənə) – Ömərin nənəsi Ümmü Asımın hekayəsi maraqlıdır: Hz. Ömər bir gecə küçələri dolaşarkən, südünə su qatmaq istəyən anaya etiraz edən qızın səslərini eşidir. Qız anasına deyir ki, xəlifə görməsə də, Allah görür. Hz. Ömər belə təmiz qəlbli bir qızı öz nəslinə qatmaq istəyir və oğlu Asımı həmin qızla evləndirir. Beləcə, halal-harama həssaslıq göstərən bir nəslin təməli qoyulur. Məhəmməd Akifin təsəvvüründəki “Asımın nəsli” də bu ruhun davamıdır.

  • Əbdüləziz ibn Mərvan (Ata) – Əməvilərin Mərvan ibn Hakəmin oğlu olmasına baxmayaraq, son dərəcə diqqətli ata idi. Oğlunu Mədinəyə, o dövrün ən nüfuzlu alimlərinin yanına göndərmiş, Salih adlı müəllimdən tələb edib ki, Öməri yaxşı tərbiyə etsin, ehtiyac olarsa, saçını belə qırxsın. Məsuliyyətli ata oğluna Hz. Ömərin adını vermişdi.

  • Hz. Ömərin Yuxusu – Hz. Ömərin bir yuxusuna görə, onun nəslindən alnında nur nişanəsi olan bir nəfər çıxacaq və zülm dolu dünyanı ədalətlə dolduracaq. Əbdüləziz ibn Mərvan oğluna Ömər adını verəndə bu ümidlə addım atmışdı.

  • Fatimə binti Əbdülməlik (Həyat Yoldaşı) – Əməvi sarayından olsa da, Fatimə binti Əbdülməlik ərinə bütün çətinliklərdə dayaq durub, sərvətini ərinin idealları yolunda fəda edib.

  • Həsən əl-Bəsri (Müəllim) – Həsən əl-Bəsri kimi bir alimin varlığı, Ömərin həyatını dəyişən amillərdən biridir. Xilafətə gələndə Həsən əl-Bəsri ona uzun məktub yazaraq, rəhbərliyin bir çoban kimi şəfqət və qoruma məsuliyyəti daşıdığını xatırladıb.

Qısa Amma Dərin Xilafət

Hicri 61-ci ildə (Miladi 680) Mədinədə dünyaya gələn Ömər ibn Əbdüləziz cəmi 2,5 il xəlifə olub, amma bu qısa müddət tarixdə dərin iz buraxıb.

  • Əsri Səadətin Ab-havası: Mədinə valisi olarkən Ənəs ibn Malik onun imamlıq etdiyi bir namazda Peyğəmbərin (sav) dövrünü hiss etdiyini deyib. Ömər ibn Əbdüləziz qısa müddətdə Əməvilərin yaratdığı pozuntuları islah edib.

  • Ümid və Hədəf: O, insanlara “əsri səadət”in yenidən mümkün ola biləcəyini göstərib.

  • Cəmiyyətin İslahı: Deyirdi ki, əgər alimlər (ulema) və idarəçilər (umera) düzəlsə, cəmiyyət düzələr.

  • Əsas İslahatlar:

    • Əhli-beytə qarşı küfrlərə son qoydu, Fədək torpaqlarınının gəlirlərini əhli-beytə verdi (ki Raşid xəlifələr dönəmində də gəlirləri onlara aid idi), Hz. Əlini dörd Raşid xəlifənin sırasında tanıtdı.

    • Xaricilərlə barış şəraitini bərqərar etdi.

    • Ərəb olmayan Məvali təbəqəsinə qarşı ədalətsizlikləri aradan qaldırdı.

    • Məzalim məhkəmələrində özü xalqın şikayətlərini dinlədi.

    • Zəkat paylanması nəticəsində zəkat veriləcək yoxsul belə tapılmadı, dövlət evlənməyənləri evləndirdi, ev və minik təmin etdi.

  • Elm və Məsləhətləşmə: Çox gənc yaşda fəqih və müctəhid idi, amma yenə də məşhur alimləri ətrafına toplayıb özü üçün nəzarətçi etmişdi. Deyirdi: Məsləhət və müzakirə bərəkətin açarıdır.

  • Təvazö və Məsuliyyət: Özünü qanun qoyucu deyil, sünnəyə tabe biri kimi görürdü. Haqsızlığa qarşı özünü belə istisna etmirdi. İslamı qəbul edənlərdən artıq vergi alınmamasını əmr etmişdi.

  • Zöhd və Şəhadət: Saray mühitində doğulsa da, saray adamı olmamışdı. Lüksü rədd etdi, israfı qadağan etdi. Nəticədə yaxınlarının narazılığı səbəbindən zəhərləndirilərək şəhid edildi.

Bugünkü Mesajı

Ömər ibn Əbdüləziz qısa xilafətində İslam rəhbərliyinin əsası olan tövhidi, ədaləti və şuranı (istişarə, məsləhətləşmə) gerçəkləşdirdiyi üçün tarixdə “ikinci Ömər” kimi xatırlanır. Düşmənləri belə onun ədalətini etiraf edirdi. Rum diyarının hökmdarı belə demişdi: Əgər Məsihdən sonra ölüləri dirildən biri olsaydı, bu, Ömər ibn Əbdüləziz olardı. Onun həyatı göstərdi ki, əsl zahidlik sərvəti rədd etmək deyil, sərvətə sahib ikən qəlbin ona bağlı olmamasıdır.

Bizim Payımıza Düşən

Bu gün bizə düşən, sadəcə ümidlə baxmaq deyil, həm alimləri, həm də idarəçiləri daha yaxşıya doğru yönəltməkdir. Hər kəsin öz payına düşəni etməsi vacibdir:

  • Alimləri cəmiyyətin əsas problemlərinə yönəltmək, bir araya gətirmək.

  • Qəbiləçilik və mənsubiyyətləri müqəddəsləşdirməkdən çəkinmək.

  • İdarəçilərdən tövhid, ədalət və məsləhətləşmə əsaslı idarəçilik tələb etmək.

  • Pis olanla barışmaq əvəzinə, daha yaxşı üçün cəsarətlə səs qaldırmaq.

Unutmayaq ki, bu ruh davam etdikcə, yeni Ömərlər yetişəcək.

14 Temmuz 2025 Pazartesi

Hz. Həsən: Xilafəti və Muaviyə ilə Anlaşması | Raşidi Xəlifələr - 5

Hz. Əlinin sui-qəsd nəticəsində şəhid edilməsindən sonra İslam tarixində mühüm bir mərhələ başlamış və Hz. Həsən xilafətə gətirilmişdir. Bu dövr əsasən Muaviyə ilə yaşanan qarşıdurmalar və nəticədə əldə olunan razılaşma ilə yadda qalmışdır. Bu mövzuda əsas diqqət yetirilməli məqam, Hz. Həsənin xilafətə gəlişi, Muaviyə ilə bağladığı müqavilə və bunun arxasında duran səbəblərdir.

Hz. Həsənin Xilafətə Gətirilməsi

Hz. Əlinin vəfatından sonra Kufə əhalisi Hz. Həsənə beyət edərək onu xəlifə seçmişdi. Kufəlilər, ümumiyyətlə, döyüşdən bezdiklərini bildirərək ondan sülh tərəfdarı olmağı istəsələr də, bir qrup insan “Allahın Kitabına, Rəsulullahın sünnəsinə əməl edəcəyik və zəruri olsa, üsyançılarla vuruşacağıq” deyə təkid edirdi. Hz. Həsən isə ümumi bir beyəti qəbul etmiş, şərt qoyaraq “Mənə itaət edəcək, mənim döyüşdüyümlə döyüşəcək, sülh bağladığımla sülh edəcəksiniz” demişdi. Rəvayətlərə görə, Hz. Əli yaralandıqdan sonra yeni müharibə hazırlıqları görülürdü, sui-qəsd baş verəndə Şam əhalisinin İraq tərəfə hücumu gözlənilirdi.

Muaviyə ilə Razılaşmaya Gətirən Şərtlər

Hz. Həsən xilafətin əvvəlində Kufədən çıxaraq Muaviyə ilə üz-üzə gəlmək üçün 40 minlik ordu hazırlamışdı. Lakin ordu içində nizam-intizamın pozulması, Qays ibn Sədin öldürüldüyü xəbərləri və digər qarışıqlıqlar orduda təşviş yaratdı. Mədaində Hz. Həsənin yaralanması ilə ordu tamamilə dağılmış, bəzi başçılar isə Hz. Həsəni Muaviyəyə təslim etmək fikrinə düşmüşdülər.

Gedişatı düzgün qiymətləndirən Hz. Həsən, daha çox qan axıdılmaması üçün Muaviyəyə məktub göndərmişdi. Bəzi mənbələrə görə, Muaviyə də sülh təklifini əvvəlcədən irəli sürmüş və Hz. Həsən də əslində döyüşə meyilli olmamışdır. Razılaşmanı zəruri edən əsas amillər bunlar idi:

  • Qan tökülməsinin qarşısını almaq: Hz. Həsən üçün ən vacib məsələ müsəlman qanının axıdılmaması idi. Muaviyə ilə razılaşmadakı bəzi şərtlər də bununla əlaqəlidir.

  • Kufəlilərin etibarsızlığı: Kufəlilərin mövqeyinin qeyri-sabit olması, ixtilafların davam etməsi təhlükəsi sülhü daha məqbul etmişdi.

  • Ümmətin birliyi: Ümmətin parçalanmaması, birliyin qorunması Hz. Həsənin əsas məqsədlərindən idi. Hətta o, ümmətin rifahı üçün xilafətdən çəkilməyə qərar vermişdi.

Razılaşmanın Şərtləri

Hz. Həsən və Muaviyə arasında bağlanan razılaşmada bir neçə şərt qoyulmuşdu:

  • Kufə beytülmalı Hz. Həsənə veriləcəkdi.

  • Hz. Həsənə beş milyon dirhəm ödənəcəkdi (bəzən bu məbləğin illik verildiyi deyilir).

  • Darabcərd bölgəsinin gəlirləri Hz. Həsənə məxsus olacaqdı.

  • Minbərlərdən Hz. Əlinin lənətlənməsi qadağan ediləcəkdi (bəzi mənbələrdə bu şərtin sonradan pozulduğu da deyilir).

  • Muaviyə özündən sonra varis təyin etməyəcək, xilafət ya Hz. Həsənə, ya da şuraya keçəcəkdi, lakin Muaviyə sonradan oğlu Yezidi varis təyin etdi (fəqət bu bəndin qaynağının sihhətində (doğruluğunda) problemlər var).

  • Hz. Hüseynə iki milyon dirhəm veriləcəkdi.

  • Hz. Həsənin ailəsinə və tərəfdarlarına toxunulmayacaq, təhlükəsizlikləri qorunacaqdı.

  • İdarəçilik Quran, Sünnə və Raşid xəlifələrin yolu əsasında davam etdiriləcəkdi.

  • Heç kim cəzalandırılmayacaqdı.

Nəticə və Hz. Həsənin Vəfatı

Bu razılaşma İslam cəmiyyətində davam edən daxili qarşıdurmaları müvəqqəti də olsa dayandırdı, qan tökülməsinin qarşısı alındı. Hz. Həsən böyük bir fədakarlıq göstərərək xilafətdən əl çəkdi və birliyi üstün tutdu. Razılaşma nəticəsində Hz. Həsən Muaviyədən maddi dəstək aldı və müqabilində xilafətdən çəkildi.

Daha sonra Hz. Həsən Kufədən ayrılıb Mədinəyə getdi. Onun xilafət müddəti ilə bağlı fərqli rəvayətlər olsa da, ümumilikdə Raşid xəlifələr dövrünün otuz ili Hz. Həsənin altı aylıq xilafəti ilə tamamlanmış sayılır.

Hz. Həsən Mədinədə vəfat etdi və Bəqi qəbiristanlığında dəfn olundu. Vəfatı ilə bağlı ən çox müzakirə edilən məsələ isə həyat yoldaşı tərəfindən zəhərləndiyi iddialarıdır. Bəzi mənbələr bu sui-qəsddə Muaviyənin və ya Yezidin rol oynadığını desə də, bunun dəlili yoxdur və bu rəvayətlər uydurmadır.

İnsaflılıq Prinsipi | Tənqidi Düşüncə - 5

Tənqidi düşüncə öyrənmək istəyən hər kəsin riayət etməli olduğu yeddi əsas prinsipdən biri də İnsaflılıq Prinsipidir. Bu prinsip tənqidi düşüncə mədəniyyətinin formalaşmasında xüsusi əhəmiyyət daşıyır, çünki düşüncənin yalnız şəxsi deyil, həm də ictimai tərəfinin olduğunu göstərir.

İnsaflılıq Prinsipi nədir?
İnsaflılıq o deməkdir ki, bir fikri müzakirə edərkən və ya dəyərləndirərkən, qarşımızdakının dediklərini mümkün qədər düzgün və tam başa düşməyə çalışmalıyıq. Bu, istər birbaşa söhbət etdiyimiz insan, istərsə də oxuduğumuz bir mətn və ya artıq danışmış birinin fikri olsun – fərq etmir. Əgər hər hansı bir fikirlə razı deyilsək də, onu tənqid etməzdən əvvəl həmin fikrin ən güclü halını tapıb anlamalıyıq.

Belə yanaşma bizi fikirləri ucuzlaşdıraraq, məsələn, sadəcə kiminsə ifadə tərzinə, danışıq səhvlərinə və ya yazı qaydalarına ilişərək mövzudan yayınmaqdan qoruyur. Əksinə, bu prinsip bizə öyrədir ki, əgər həqiqətən tənqidi yanaşma tətbiq etmək istəyiriksə, fikir kim tərəfindən və necə deyilməsindən asılı olmayaraq, onun məğzinə fokuslanmalıyıq. Bu, çoxlarının tez-tez etdiyi – zəif bir fikri dərhal darmadağın etmək istəyindən bizi uzaqlaşdırır.

Niyə vacibdir?
İnsaflılıq prinsipi tənqidi düşüncənin təməlində duran “doğruya çatmaq” məqsədi ilə birbaşa bağlıdır. Bu prinsipi tətbiq edəndə:

  • Qarşımızdakı insanın da bizim kimi doğrunu axtaran, düşünən biri olduğunu qəbul edirik.

  • Fikri məntiqsiz jestlərlə, lağla və ya qarşı tərəfin demədiyi sözləri ona aid edərək zəiflətməkdən qaçırıq.

  • Bilirik ki, bəzən insan doğru bir şeyi səhv ifadə edə bilər. Əgər insaflı olsaq, o düzgün fikri tapıb dəqiq şəkildə müzakirəyə çıxara bilərik.

  • Lazım gələrsə, “əgər sən bu fikri başqa cür desəydin, mən buna qarşı çıxmazdım” deməkdən çəkinmirik.

  • Hədəfimiz şəxsi hücum yox, həqiqətən məntiqli və əsaslı bir tənqiddir – əgər bir qüsur varsa, məhz fikrin içindəki səhvləri tapıb göstəririk.

  • Qarşımızdakını da, özümüzü də ağıllı və dürüst mövqe sahibi kimi qəbul edirik.

  • Əgər birinin arqumentləri doğru olarsa, buna inanmağa hazırıq və bunu açıqca göstəririk.

  • Tələbat olarsa, başqasının arqumentini daha məntiqli formaya salıb, əsaslandırıb sonra tənqid edirik ki, tənqid hədəfə dəysin.

  • Bu yanaşma müzakirəni daha sağlam və şəxsi hücumdan uzaq saxlayır.

  • Həm anlamaq, həm də özümüzü düzgün başa salmaq üçün qarşılıqlı tətbiq edilməlidir.

  • Sual vermək, suallara cavab tapmaq və sağlam ünsiyyət üçün insaflılıq labüddür.

İnsaflılıq prinsipi, açıq sözlülük kimi həm şərh, həm də təqdimat prinsipi sayılır. Əgər bir arqumentdə səhv varsa, tənqidi təqdimatda emosiyaya sərf etməkdənsə, birbaşa həmin səhvi analiz etmək daha məqsədəuyğundur. Bu isə tənqidi düşüncənin əsas addımlarından biridir.

Sübut Yükü Prinsipi | Tənqidi Düşüncə - 4

Tənqidi düşüncənin əsas prinsiplərindən biri də sübut yüküdür. Bu prinsip çox vaxt ya düzgün başa düşülmür, ya da nəzərdən qaçırılır. Halbuki, mahiyyət etibarilə çox sadədir: əgər hər hansı bir iddian varsa, onu əsaslandırmaq sənin üzərinə düşür. Əvvəllər buna “iddia edən isbat etməlidir” deyirdilər və bu, hüquqda da belədir — bir şeyi iddia edirsənsə, bunu təsdiqləyəcək sübut təqdim etməlisən. Yoxsa iddian boş qalır.

Sübut Nə Olmalıdır?

Hər sübut qəbul edilmir. Əvvəla, sübut yetərli qədər olmalıdır. Bir-iki əlaqəsiz misalla böyük iddianı doğrultmaq olmaz. Sübut iddia ilə birbaşa bağlı olmalıdır; şəxsi hisslər, yuxular, təsadüfi fikirlər sübut sayıla bilməz. Bundan başqa, təqdim olunan sübut iddianın doğruluğuna ya da yanlışlığına real təsir edə bilməlidir. Bəzən çox material toplanır, amma nəticə dəyişmir, bu halda həmin materialın elə də dəyəri yoxdur.

Böyük iddialar böyük sübut tələb edir. Ona görə də, iddialar ya daha dəqiq olmalı, ya da onları möhkəmləndirəcək dəlillər tapılmalıdır. Əks halda, heç kim sübutsuz iddianı qəbul etmək məcburiyyətində deyil.

Sübut Yükü Niyə Vacibdir?

Sübut yükü yalnız bizim öz dediklərimizə aid deyil. Kiminsə dediyini də qiymətləndirəndə bu prinsipə baxmalıyıq: yetərli sübut yoxdursa, iddianın doğruluğuna inanmaq üçün əsas da yoxdur. Təkcə inanmaq kifayət deyil — əgər başqasını inandırmaq istəyirsənsə, sübut gətirməlisən.

Tənqidi düşüncə, əslində, mübahisə və dialoq üzərində qurulur. Burada əsas məsələ söz oyunu yox, mövqeni sübut edə bilməkdir. Retorika müvəqqəti təsir edə bilər, amma gerçəkliyi ortaya qoymaz. Əgər sübut yoxdursa, danışılan söz sadəcə havada qalır. Sübut yükü prinsipi “doğrunun axtarışı” prinsipinə də bağlıdır. Əgər sübut axtarılmırsa, demək ki, həqiqəti tapmaq cəhdindən də imtina edilib.

Hər Zaman Sübut Lazımdırmı?

Bəzi hallar var ki, sübuta ehtiyac yoxdur. Məsələn, kimin çay, kimin qəhvə sevməsi şəxsi seçimdir, onu sübut etmək tələb olunmur. Amma məsələ başqalarına təsir edən qərarlara, məsələn bir həkimin dərman yazmasına və ya müəllimin qiymət verməsinə gəldikdə, sübut mütləqdir. Peşəkar və ya elmi iddialar həmişə əsaslandırılmalıdır. Hətta bir sahədə mütəxəssis olan biri belə, başqa sahədə sübutsuz danışa bilməz.

Sübutun Gücü və Tez-Tez Edilən Yanlışlıq

Sübutlar da dərəcə-dərəcədir — "ya tam var, ya tam yoxdur" deyil, arada fərqli gücə malik sübutlar ola bilər. Bir mövzu ilə bağlı zəif dəlildən tutmuş çox güclü dəlilə qədər pillələr mövcuddur.

Bir səhv anlayış da budur ki, sübut yoxdur deyə bir iddia dərhal yanlış sayılmamalıdır. Əgər sübut təqdim olunmayıbsa və sən də əksini iddia edirsənsə və sübut gətirə bilmirsənsə, o iddia “boşluqda qalır”. O halda ya əks sübut tapılmalı, ya da iddia müvəqqəti qəbul edilir. Yəni, sübut yükü əsaslandırmanın hansı tərəfdə olduğunu göstərir. Kim iddia edirsə, sübut gətirməli, əks tərəf isə əksini isbat etmək istəsə, o da sübut təqdim etməlidir.

Bu ayrımı düzgün anlamaq, tənqidi düşüncə vərdişini daha sağlam və real edir.

Açıq Sözlülük Prinsipi | Tənqidi Düşüncə - 3

Tənqidi düşüncənin əsas prinsiplərindən biri də açıq sözlülük prinsipidir. Bu prinsip, düşünmənin mahiyyətinə və başqaları ilə ünsiyyətimizə dair çox vacib məqamları ortaya qoyur. Xəta payı prinsipi və doğrunu axtarışı prinsipindən sonra açıq sözlülük, tənqidi düşüncə üçün üçüncü əsas dayaqdır.

Düşüncənin Sosial Təbiəti və Dilin Rolu

Çoxlarının düşündüyünün əksinə olaraq, düşünmək təkbaşına baş verən bir iş deyil. Beynimiz, cəmiyyətdən və fiziki dünyadan ayrı mövcud olan bir varlıq deyil. Əslində düşüncə, içimizdə sanki bir dialoq kimidir və dil vasitəsilə formalaşır. Dil yalnız fikrimizi başqalarına çatdırmaq üçün bir vasitə deyil, həm də fikrin özünü yaradan bir mexanizmdir. Biz dili valideynlərimizdən, ətrafımızdan öyrənirik və bu səbəbdən də heç bir zaman tam tənha düşünə bilmirik; beynimizdəki fikirlər əslində başqalarından eşitdiklərimizin səsidir.

Fikirlərimizi yalnız daxildə saxlamaqla kifayətlənmirik; onları müdafiə edəndə, başa salanda, bəzən də xəyali bir mübahisə aparanda üzə çıxarırıq. Bu proses həm öz inanclarımızı görməyə, həm də dünyanı daha yaxşı anlamağa imkan yaradır.

Açıq Sözlülüyün Tənqidi Düşüncədə Yeri

Fikirlər nə qədər aydın ifadə olunarsa, gerçəkliklə əlaqəsi də bir o qədər sağlam olar. Açıq sözlü olmaq tənqidi düşüncə üçün vacibdir və bunun bir neçə əsas səbəbi var:

  • Xətaları Göstərmək və Düzəltmək: Fikirlərimizi açıq şəkildə bildirdikdə, başqaları bizi başa düşə bilir və varsa, xətalarımızı görə bilir. Elə həmçinin, başqalarının açıq dediklərindəki boşluqları da biz görə bilirik. Əgər hər kəs susub öz-özünə danışsa, bu xətaları görmək və düzəltmək mümkün olmaz.

  • Bilik və Anlayış Boşluqlarını Aşkar Etmək: Əgər bir məsələni aydın izah edə bilmiriksə, deməli ya bilik, ya da anlayış çatışmazlığımız var. Bunu aradan qaldırmağın yolu isə yenə də açıq danışmaqdır.

  • Ünsiyyətin və Fikrin Mənası: Ümumi sözlər, üstüörtülü danışmaq nə fikri dəyişməyə imkan verir, nə də sağlam dialoq yaradır. Əgər kimsə açıq danışmırsa, qarşı tərəf də eyni şəkildə davranır və nəticədə ünsiyyətin öz mənasını itirir. Təkbaşına içimizdə qalan fikirlər isə çox vaxt natamam və səhv olur. Onları ortaya çıxarmağın yeganə yolu səmimi və açıq ifadədir.

Açıq Sözlü Olmağın Çətinliyi və Zəruriliyi

Açıq sözlü olmaq həmişə asan deyil. Fikirlərimizi açıqlayanda, xüsusilə sosial şəbəkələrdə və ya iş mühitində, bəzən tənqidə, linçə, alçaldılmağa məruz qala bilərik. Bu risklər hər zaman mövcuddur və nəzərə alınmalıdır.

Amma bütün bunlara baxmayaraq, açıq sözlü olmaq zəruridir:

  • Fikrin Dəyəri: Bəzən bu cür narahat təcrübələr yaşamaq fikrimizin arxasında dayandığımızı və ona dəyər verdiyimizi göstərir.

  • Həqiqət Axtarışı: Açıq sözlülük prinsipi deyir ki, bəzən başqaları bizi dəstəkləməsə də, həqiqətə yaxın olmaq üçün fikrimizi deməkdən çəkinməməliyik.

  • Özümüzə Xəyanət Etməmək: Əgər bildiyimizi tam demir, üstünü örtür, ima ilə keçiriksə, əslində öz düşüncə gücümüzə xəyanət etmiş oluruq.

Açıq Sözlülük: İzah və Təqdimat Prinsipi

Açıq sözlülük həm izah, həm də təqdimat baxımından önəmlidir.

  • İzah Prinsipi Kimi: Bir şeyi açıq şəkildə izah etməyə çalışanda, əslində nə qədərini başa düşdüyümüzü də görürük. Bu səbəbdən tələbələr çox vaxt yazmaqdan və ya danışmaqdan çəkinir — çünki danışarkən öz biliyimizin dərinliyini də dərk edirik. Açıq danışmaq insanın baxış bucağını genişləndirir.

  • Təqdimat Prinsipi Kimi: Fikirlərimizi qarşı tərəfə aydın çatdırmaq, onların bizi düzgün anlamasına imkan verir. Əgər dediklərimiz aydın deyil, heç kim üçün başadüşülən deyilsə, nə qədər dəyərli olsa da, bir məna daşımır. Tənqidi düşüncə də məhz bu aydınlıqdan doğur.

Doğrunun Axtarışı Prinsipi | Tənqidi Düşüncə - 2

Tənqidi düşünmənin əsas prinsiplərindən biri də “doğrunun axtarışı prinsipi” adlanır. Əslində düşüncələrimizdə xəta payı qoymağın və ya xəta ehtimalını qəbul etməyin səbəblərindən biri də məhz budur. Çünki tənqidi düşüncədə məqsəd yalnız kimsəni tənqid etmək və ya kiminsə dediklərinin bizə uyğun olub-olmadığını ölçmək deyil, daha çox həqiqətə yaxın olanı tapmaqdır.

Tənqidi düşüncə nədir və məqsədi nədir?

Tənqidi düşüncənin mahiyyəti kimsəni yaxşı və ya pis göstərməkdən ibarət deyil. Əsas məqsəd hər hansı bir məsələ haqqında mümkün qədər düzgün nəticəyə gəlməkdir. Bunu bir şəhər xəritəsinə bənzətmək olar: xəritənin özü deyil, onunla şəhəri, küçələri, binaları tanımaq dəyərlidir. Eləcə də düşünmək də məqsədsiz olmamalıdır — məqsəd doğruya çatmaqdır. Böyük mövzular da ola bilər, gündəlik məsələlər də — əsas məsələ hansı fikrin daha güclü olduğunu seçib ayırmaqdır.

Fikirlərin seçilməsi və müqayisə olunması

Bir mövzu ətrafında onlarla fərqli fikirə rast gələ bilərik — kitablar, sosial media, dost söhbətləri, reklamlardan gələn mesajlar və sair. Bu qədər fikirin dəyəri eyni deyil və onları ayırd etmək lazımdır. Hansı fikir daha əsaslıdır, hansı daha az xəta ehtiva edir — bunları müəyyənləşdirmək önəmlidir. Düzdür, hər zaman xəta ehtimalı var, amma bu, sadəcə “səhv ola bilər” deməklə kifayətlənməməli, əksinə səhvi tapmaq üçün səy göstərilməlidir. Bunun üçün də fərqli baxışları qarşılaşdırmaq vacibdir. Eyni məsələyə bir neçə yöndən baxmadan tənqidi düşünmək mümkün deyil. Bu da göstərir ki, tənqidi düşüncə ölçülü və mərhələli düşünməyi tələb edir.

“Hər şey səhvdirsə, bəs doğruya necə çatmaq olar?” paradoksu

Bəzən “Əgər hər düşüncədə xəta payı varsa, onda heç vaxt doğruya çata bilmərik” kimi bir fikir yarana bilər. Ancaq bu, yanlışdır. Tənqidi düşüncə bizə ortaq şəkildə qəbul edilə biləcək doğrulara gəlmək imkanı verir. Bəli, bütün fikirlər insana məxsusdur və xəta ehtimalı var, amma bəziləri daha möhkəm əsaslana və müdafiə oluna bilir. Tənqidi düşüncə üsulları da məhz bu fərqi tapmaq üçündür.

Rahatlıq zonasından çıxmaq və fikir dəyişmək cəsarəti

Doğrunun ardınca getmək bəzən narahatlıq yaradır, çünki özümüzə çox düzgün bildiyimiz şeylər belə tənqid süzgəcindən keçməyə bilər. Amma doğrunun xatirinə bu əziyyətə dəyər. Əgər doğruya can atırıqsa, düz bildiyimiz yanlışlardan qopmağı bacarmalıyıq. Hətta yeni tapılan doğrularda belə müəyyən boşluqlar ola bilər, amma heç olmasa yanlışları ayırıb irəliləyirik.

Fikir dəyişmək zəiflik deyil, əksinə güclü düşünmənin əlamətidir — təki bu dəyişiklik məntiqə və əsaslara söykənsin. Doğrunun axtarışı üçün fikir dəyişməliyik, sosial təzyiqə və ya ani maraqlara görə yox. Bu, digər baxışları öyrənmək və öz düşüncəmizi yeniləmək fürsəti verir.

Başqalarına söz haqqı vermək

Doğrunun ardınca getmək yalnız öz fikrimizi deyil, başqalarının fərqli fikirlərini də eşitməyi tələb edir. Tənqidi düşüncə mühiti formalaşdırmaq üçün fərqli düşünənləri dinləmək və onları başa düşməyə cəhd etmək lazımdır. Məqsəd mütləq haqlı çıxmaq deyil, düzgün düşüncə tərzinə sahib olmaqdırsa, qarşı tərəfə söz haqqı verib onları diqqətlə dinləmək şərtdir. Səhv varsa, o da ancaq belə üzə çıxar. İnsanların fərqli düşüncələrə sahib olması bir növ rəhmət kimidir və bundan düzgün istifadə edə bilmək tənqidi düşüncənin əsl qazancıdır.

Bu prinsip, digər tənqidi düşüncə prinsipləri ilə də sıx bağlıdır.

Fitnə dövründə haqqı müdafiə etmək

Fitnə dövrləri insanın həm imanının, həm əxlaqının, həm də düşüncəsinin ciddi sınaqdan keçdiyi zamanlardır. Belə dövrlərdə haqq ilə batili b...